by SaffAdmin
January 3, 2019| 506 views

Zəfəranın adı yunanca “kroke”–“sap” sözündən götürülüb. Zəfəranı qiymətli edən onun dişiciyidir. Bitkini Şərqdə çox qədim dövrdən becərməyə başlayıblar. Misirin təbabət kitablarında zəfəran haqqında məlumatlar eradan 1500 il əvvəl verilib. Zəfəranın vətəni Kiçik Asiyadır. Çox qədim zamanlardan ətirli, xoş dad verən ədviyyat, qiymətli dərman və boyaq bitkisi kimi istifadə edilir. Solomon, Homer və Hippokratın əsərlərində zəfəran haqqında məlumatlar verilib. Hələ eradan çox əvvəl İran, Babil, Midiya hökmdarlarının paltarlarını və ayaqqabılarını zəfəranla sarı rəngə boyayırdılar. Onu bahalı hədiyyə kimi yüksək vəzifəli şəxslərə bağışlayırdılar.

Süsənkimilər fəsiləsinin cinslərindən biri olan zəfəran çoxillik soğanaqlı bitkidir. Dünyada zəfəranın 70 cinsinə aid 1800 növü məlumdur. Bu cinsə Mərkəzi Asiyada yayılmış təxminən 75, Qafqazda 12, Azərbaycanda 6, Naxçıvan Muxtar Respublikasında isə 4 növ daxildir.

Zəfəranın becərilməsi 3 min il öncəyə gedib çıxır. Bitki hazırda İranda, İspaniyanın cənubunda, Pakistanın Kəşmir əyalətində, ABŞ, Mərakeş, Hindistan, Meksika, Türkiyə, Fransa, Misir, Əfqanıstan, Çin və Azərbaycanda becərilir. X əsrdə zəfəran ilk dəfə İrandan və Kiçik Asiyadan Avropa ölkələrinə gətirilərək becərilibdir. Azərbaycan və ərəb dilində bu bitki “zəfəran,” İspanca “azafran”, ingiliscə “saffron”, fransızca “safrane”, italyanca “zaferano” və hind dilində isə “zuffron” adlanır. Zəfərandan əsasən boyaçılıq, əczaçılıq və yeyinti sənayesində istifadə olunur. Keçmişdə boyaçılıqda xalça, kilim, palaz, kəlağayı və digər yüngül sənaye məmulatlarını boyamaq üçün geniş istifadə olunubdur. Buna səbəb boyama gücünün həddən artıq çox olması (öz miqdarının 100 min misli qədər) və həm də xoşagələn parlaq sarı rəng verməsi olubdur. Zəfəranın qiymətinin baha olduğuna görə indi boyaq maddəsi kimi çox az istifadə edilir. Bu bitkinin 1 qramı 100 litr suyu sarı rəngə boyayır.

XVI əsrdə Avropanın Botanika bağlarında ilk dəfə olaraq ensizyarpaq, sarı və yaz zəfəranı növləri bəzək bitkisi kimi becərilib. Bu üç növdən çoxsaylı sortlar alınıb ki, bunların da arasında birinci yeri Hollandiya hibridləri tutur. Orta əsrlərdə Venesiya zəfəranın mərkəzi olub. Müasir zəfəran sortlarının əksəriyyəti XX əsrin əvvəllərindən əldə edilib.

1927-ci ildə Abşeronda xüsusi zəfəran sovxozu yaradılb. 16 aprel 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2003-2009-cu illər üçün regionların Sosial iqtisadi inkişafı üzrə Dövlət Proqramına dair sənəd imzalayıb. Azərbaycanda zəfəran xörəklərdə ətirli ədviyyə kimi çox qədim zamanlardan istifadə olunur. “Zəfəranlı aş”, “zəfəranlı piti” adlanan xörəklər hamıya məlumdur.

Bu ədviyyatın bir  kiloqramının qiyməti  400-1000 ABŞ dolları arasında dəyişir. Bunların arasında ən bahalı ispanlara məxsus olan növdür ki, onun da qiyməti 1000 dollardır. 1 kq zəfəran toplamaq üçün 100 min çiçək yığmaq lazımdır. Məhz buna görə də zəfaran artıq bütün dünyada “Qırmızı qızıl” adlandırılır. Hələ neçə əsrlər öncə zəfəran öz müalicəvi xüsusiyyətləri ilə xalq təbabətində geniş yer alıb.

Məşhur yunan həkimi Hippokrat zəfərandan müalicə məqsədilə istifadə edib. Zəfəran güc artıran, göz xəstəlikləri (xüsusilə katarakta), zəhərlənmələr zamanı geniş istifadə olunur. Dünyada əczaçılıq sənayesində istehsal olunan müxtəlif dərmanların tərkibinə daxil edilir. Zəfəran həzm prosesini və iştahanı artırır, qara ciyərin fəaliyyətinə müsbət təsir edir və ödqovucu xüsusiyyətlərə malikdir. Bitki ürək əzələsini möhkəmləndirir, onun fəaliyyətini yaxşılaşdırır və qanı təmizləyir. Zəfəran sinir sisteminə də sakitləşdirici təsir edir, əqli fəaliyyəti stimullaşdırır, yaddaşı və hafizəni gücləndirir, orqanizmin tonusunu artırır və əhval-ruhiyyəni yaxşılaşdırır. Bitkinin güclü antioksidant xüsusiyyətinə görə orqanizmdə gedən qocalma proseslərini ləngidir və onu zəhərli maddələrdən təmizləyir. Süddə dəmlənmiş zəfəran öskürək zamanı çox yaxşı müalicəvi təsir edir, bəlğəmi durulaşdırır və onun orqanizmdən çıxmasını asanlaşdırır. Çibanların üzərinə yumurta sarısı ilə qarışdırılaraq qoyulan zəfəran məlhəmi yaxşı təsir göstərir.

Xalq tabəbətində zəfərandan göz xəstəlikləri zamanı geniş istifadə olunur. Təbabətdə bu bitki bəzi göz damcıların tərkibinə daxil edilir. Spazmolitik xüsusiyyətlərinə malik olan zəfəran baş ağrılarını azaldır. Bunun üçün bir neçə “tükcük” qaynar suda dəmlənilir və içilir.

Zəfəran xərçəng xəstəliklərinin profilaktikası üçün ən yaxşı vasitələrdəndir. Qanı təmizləyir, saflaşdırır, bədənin bütün hüceyrələrinin qanla təchizatını normallaşdırır. Sinir sisteminə müsbət təsir göstərir və normal yuxunu təmin edir. Mədə və bağırsaqların fəaliyyətini tənzimləyir. Sidik kisəsi və böyrəkləri çöküntülərdən təmizləyir və görmə qabiliyyətini yaxşılaşdırır. Alkoqol asılılığını müalicə edərək tez bir zamanda onu bərpa edir. Astma və bronxit xəstəliklərinin müalicəsində olduqca faydalıdır. Zəfəran həmçinin soyuqdəymə zamanı temperaturu aşağı salır, öskürəyi kəsir. Zəfəran dəriyə müsbət təsir edir, diş ətini xəstəliklərdən qoruyur. Zəfəran orqanizmin immun sistemini gücləndirir, bədənin ümumi tonusunu qaldırır. Hazırda zəfəran dünyanın kosmetika sənayesində geniş istifadə olunur. Xüsusilə, təbii kremlərin hazırlanmasında zəfəran bitkisi əsas komponentlərdən biri hesab olunur. Zəfəran uzun müddət saxlanıldıqda faydalı xüsusiyyətlərini itirir. Bitkidən ifrat dərəcədə istifadə etmək xoşagəlməz hallara səbəb ola bilər. Hamilə qadınların və 2 yaşına qədər uşaqların zəfərandan istifadə etməsi məsləhət görülmür.